Ümumiyyətlə, ölkəmizin xarici ticarət dövriyyəsi 2023-cü ildən azalmağa başlayıb. Səbəb təkcə neft-qaz sektoruna aid deyil, qeyri-neft-qaz məhsulları ixracının və dəyərinin azalmasında da axtarılmalıdır. Halbuki, statistikaya görə ölkə iqtisadiyyatı durmadan artır və bu, ən çox qeyri neft-qaz sektoru hesabına baş verir.
2024-cü ilin yanvar-noyabr ayları ərzində də qeyri neft-qaz məhsullarının ixracı 3 milyard 090 milyon 600 milyon dollar təşkil etməklə 2023-cü ilin eyni dövrüylə müqayisədə faktiki qiymətlərlə 1,9% artım nümayiş etdirsə də, real ifadədə 11% azalma göstərib. Bütövlükdə ötən ilin dekabr ayı istisna olmaqla 11 ayı ərzində idxal və ixrac əməliyyatların dinamikasına diqqət yetirdikdə ixracın enib-qalxan xətt üzrə hərəkət etdiyi fonda idxalın dayanıqlı şəkildə yüksəldiyini görürük. Bu nə ilə bağlıdır?!
Neft-qaz sektoru üzrə azalmanın səbəbləri aydındır: dünya bazarlarında qiymətlər əlverişli deyil, hasilat enir və sair... Bəs, qeyri-neft-qaz məhsulları?!
Ölkədə istehsal olunan qeyri neft-qaz sektoru məhsullarının ümumi ixracda payı onsuz da cüzidir. Hələ ki, heç bir ciddi əhəmiyyətli kütləvi istehlak tələbatına malik sənaye məhsulu istehsal etmirik. Əsas kənd təsərrüfatı məhsulları, meyvə-tərəvəz və sairdir. Bunların da ixracı azalıb və azalmaqda davam edir.
Ölkəmizdən qeyri neft-qaz məhsullarının ixracının azalmasına zəmin yaradan əsas amil üçüncü ildir ki davam edən Rusiya-Ukrayna müharibəsidir. Konkret desəm, eyni bazardan asılı olmağımız. Odur ki, 2023-cü ildən xarici ticarətimizdə iqtisadiyyatın hər iki sektoru üzrə ixracımız enir və bu, sanki dayanıqlı xarakter almaq istəyir.
Ölkəmizin iqtisadiyyatının inkişafında Rusiyanın böyük önəmi var. Qeyri neft-qaz sektoru ixracı potensialımız üzrə şaxələnmiş bazar şəraiti imkanlarına sahib deyilik. Xüsusən də kənd təsərrüfatı məhsulları, meyvə-tərəvəz üzrə. Bu isə çox ciddi mənfi haldır. Sözügedən sektorun inkişafı bir nömrəli prioritet seçilən ölkədə ixrac bazarlarının sayının çox olması və bu sahədə alternativlik ən vacib məsələlərdən sayılır.
Ümumiyyətlə, iqtisadi artımda ən dayanıqlı hərəkətverici qüvvə xırda istehsalçılar, fərdi təsərrüfatlar sayılırlar. Bizdəsə onlar Rusiyaya alternativ heç bir bazar tanımırlar. Neçə illərdir qeyri neft-qaz sektorunun inkişafı prioritet seçilsə də, vəziyyət eyni qalır. Rusiya bazarı isə artıq üçüncü ildir ki, səmərəlilik səviyyəsini itirib və meyvə-tərəvəz satışı üçün əvvəlkitək effekli sayılmır.
Sözün qısası, vəziyyət elədir ki, ölkəmizdən kənd təsərrüfatı məhsulları və meyvə-tərəvəz ixracı sahəsindəki tənəzzülün qarşısının alınacağı və bu prosesin səngiyəcəyi sanki gözlənilmir. Halbuki, neft-qaz sektorunun ixracda payı yüksək olduğundan, onun azalması fonunda qeyri neft-qaz məhsullarının ixracı gərək azalmasın, əksinə, artsın. Yeri gəlmişkən, qeyri-neft-qaz sektoru məhsulları ixracı üzrə dinamik artım olsaydı belə, onun sürəti neftdən və qazdan əldə etdiklərimizi əvəz edəsi deyildi.
![](https://azvision.az/photos/2020/01/pervi-1579338904.jpg)
Pərviz Heydərov
Azvision.az üçün